Bakı.Trend:
Azərbaycanın Dövlət Neft Şirkəti – SOCAR karbon keçidi ilə bağlı risklərə, həmçinin, çirklənmə və tullantı risklərinə məruz qalır.
Bu haqda Trend “Moody’s”ə istinadən xəbər verir.
“Qlobal iqtisadiyyat xam neft və qaz yanacağı, həmçinin, maye karbohidrogen sızmaları və qaz emalı zamanı havaya atılan tullantılardan tədricən imtina edir. Zaman keçdikcə upstream (yuxarı axın) şirkətləri, xüsusilə də neft hasilatı ilə məşğul olanlar, karbonsuzlaşdırma və daha təmiz enerjiyə keçidlə bağlı səylərin artırılması fonunda artan təzyiqlərlə üzləşəcəklər. SOCAR üçün bu risk hasilat strukturunda qaz payının artımı sayəsində yumşaldılır”, – deyə reytinq agentliyi bildirir.
“Moody’s” analitikləri vurğulayırlar ki, SOCAR-ın karbohidrogen hasilatında sabitləşmə dövründən sonra şirkət 2024-cü ildə neft və qaz hasilatında müvafiq olaraq 3,8% və 8,3% azalma qeydə alıb ki, bu da narahatlıq doğurur.
“Lakin şirkət bu azalmaya əməliyyat göstəricilərində təbii və qısamüddətli dəyişkənlik kimi yanaşır və orta və uzunmüddətli dövrdə hasilat həcmlərinin sabit qalacağını gözləyir. Bundan başqa, neft və qaz hasilatını dəstəkləmək məqsədilə “SOCAR upstream” sektorunda beynəlxalq genişlənməyə başlayıb. Bu, 2024-cü ildə “Abu Dhabi National Oil Company”dən Umm Lulu və Satah Al Razboot dəniz neft konsessiyalarında 3%-lik iştirak payının alınması, eləcə də, 2025-ci ildə İsrailin Tamar dəniz qaz yatağında 10%-lik payın əldə edilməsi ilə sübut olunur”, – deyə hesabatda qeyd edilir.
“Moody’s” bildirir ki, SOCAR-ın qaz hasilatı “TotalEnergies SE” (Aa3, sabit proqnoz) şirkətinin operatorluq etdiyi Abşeron qaz yatağında 35%-lik iştirak payı hesabına dəstəklənir.
Agentliyin məlumatına əsasən SOCAR:
– 2024-cü ildə 7,7 milyard kubmetr,
– 2023-cü ildə – 8,4 milyard kubmetr,
– 2022-ci ildə – 8,1 milyard kubmetr,
– 2021-ci ildə – 7,9 milyard kubmetr,
– 2020-ci ildə – 7,3 milyard kubmetr qaz hasil edib.
Eyni zamanda, əməliyyat hesabatlarına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında qaz hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 4% artıb.