...

Azərbaycan-Türkmənistan siyasi, iqtisadi, ticarət, humanitar əməkdaşlıq sahələri müzakirə edilib (FOTO)

Siyasət Materials 16 İyul 2025 16:55 (UTC +04:00)
Azərbaycan-Türkmənistan siyasi, iqtisadi, ticarət, humanitar əməkdaşlıq sahələri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 16-da ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Xalq Məsləhətinin sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında münasibətlərin inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəyinə inamını ifadə edib.

2022-ci ilin dekabrında Türkmənistana rəsmi səfərini xatırlayan Milli Məclisin sədri həmin səfər çərçivəsində keçirdiyi görüşlərdən məmnunluqla danışıb.

Söhbət zamanı spiker Sahibə Qafarova qeyd edib ki, xalqlarımızın ortaq tarixi, mədəni, dil, din və ailə dəyərləri, oxşarlıqları ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Müstəqillik qazandıqdan sonra məhz bu möhkəm təməl üzərində ölkələrimiz arasında geniş münasibətlər qurulub.

Bildirilib ki, dövlətlərarası əlaqələrin möhkəmləndirilməsində və dərinləşdirilməsində qarşılıqlı səfərlər və ali səviyyədə görüşlər müstəsna rol oynayır.

Qeyd olunub ki, Azərbaycan və Türkmənistan bir sıra beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər. Türkmənistan tərəfinin Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi təşəbbüslərinə daimi dəstəyi yüksək qiymətləndirilir.

Görüşdə, həmçinin qeyd olunub ki, ölkələrimiz arasında mövcud müqavilə-hüquq bazası çox geniş olmaqla siyasi, iqtisadi, ticarət, humanitar və digər əməkdaşlıq sahələrini əhatə edir.

Söhbət zamanı diqqətə çatdırılıb ki, Azərbaycan və Türkmənistan arasında iqtisadi sahədə də tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün möhkəm təməl mövcuddur, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Bununla yanaşı, ölkələrimiz arasında humanitar əməkdaşlıq da xüsusi məna və xarakter kəsb edir.

Söhbət zamanı Azərbaycan və Türkmənistan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri kimi parlamentlərimizin qarşılıqlı fəaliyyəti barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki, qarşılıqlı səfərlər, parlament sədrlərinin və qanunvericilərin görüşləri bu əməkdaşlığa mühüm təkan verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupları birgə fəaliyyətləri və əməkdaşlıqları ilə parlamentlər arasında körpü rolunu oynayırlar.

Qeyd olunub ki, iki ölkənin parlamentarilərinin həm ikitərəfli formatda, həm də parlamentlərarası qurumlar çərçivəsində qarşılıqlı fəaliyyətinin genişləndirilməsi Azərbaycan və Türkmənistan arasında münasibətləri daha da intensivləşdirməyə kömək edəcək.

Ölkəmizə səfərindən məmnunluqla danışan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirdiyi görüş və aparılmış müzakirələr barədə yüksək təəssüratlarını bölüşüb.

O, Sahibə Qafarovanın 2022-ci ilin dekabrında Türkmənistana səfərini xatırlayaraq, həmin səfərin çox məhsuldar keçdiyini qeyd edib.

Xalqlarımızın və dövlətlərimizin türk ailəsinin üzvləri kimi dünya siyasətinə verdiyi mühüm töhfələrdən danışan qonaq, COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsinə və mühüm məsələlərin müzakirəsinə görə bir daha təbriklərini çatdırıb.

Söhbət zamanı qonaq regional məsələlər, gender məsələləri, gənclər siyasəti, iqtisadi əlaqələr, Hökumətlərarası komissiyanın fəaliyyəti, parlament diplomatiyası, parlamentlərarası dialoq və digər mövzular barəsində fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti