Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycan Serbiyaya 174 milyon kubmetr həcmində təbii qaz ixrac edib.
Trend-in Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu həcmdə təbii qaz ixracından əldə olunan gəlir 98,4 milyon ABŞ dolları olub.
Serbiyaya qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 154,1 milyon kubmetr və ya 8,6 dəfə, dəyər ifadəsi ilə 91,5 milyon ABŞ dolları, yaxud da 14,3 dəfə artıb.
Belə ki, 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan Serbiyaya 19,9 milyon kubmetr həcmində, 6,9 milyon ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 195,6 milyon kubmetr qaz halında təbii qaz idxal edilib. Bu miqdarda qaz idxalına çəkilən xərcin dəyəri 30,1 milyon ABŞ dolları olub.
Təbii qazın idxalı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 99,2 milyon kubmetr və ya 33,6%, dəyər ifadəsi ilə isə 14,1 milyon ABŞ dolları, yaxud da 31,9% azalıb. Ötən ilin yanvar-may aylarında ölkəyə idxal olunan təbii qazın həcmi 294,8 min kubmetr, dəyəri isə 44,2 milyon ABŞ dolları olub.
Hesabat dövründə Azərbaycandan xarici ölkələrə 10,271 milyard kubmetr həcmində, 3,833 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilib ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 358 milyon kubmetr (3,6%) və 382 milyon ABŞ dolları (11,1%) çoxdur. 2024-cü ilin yanvar-may aylarında Azərbaycandan xarici ölkələrə 9,913 milyard kubmetr həcmində, 3,451 milyard ABŞ dolları dəyərində təbii qaz ixrac edilmişdi.
Hesabat dövründə Azərbaycana Rusiya və Türkmənistandan təbii qaz idxal edilib, Gürcüstan, Serbiya, Türkiyə, Bolqarıstan, İtaliya və Yunanıstana ixrac edilib.