Bakı.Trend:
Ziya Bünyadov prospektinin Böyükşor-Pirşağı yolu ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib
Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il 456 nömrəli Sərəncamə ilə təsdiqlənmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na əsasən Böyükşor–Pirşağı avtomobil yolunun Müzəffər Nərimanov küçəsi ilə əlaqələndirilməsi məqsədilə müxtəlifsəviyyəli yol ötürücülərinin tikintisi nəzərdə tutulub. Hazırda müvafiq tapşırığın icrası ilə əlaqədar layihələndirilmə işləri davam etdirilir.
Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları qeyd olunan yolda monitorinqlər keçiriblər.
Təhlillərin nəticəsinə əsasən, bu müddət ərzində həmin ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması, nəqliyyat vasitələrinin nizamlı hərəkətinin təmin edilməsi və nəqliyyat sıxlığının azaldılması məqsədilə əsas layihənin tikintisi yekunlaşana qədər hazırlanmış müvəqqəti həll işə salınaraq monitorinqlərə başlanılıb. Artıq ərazidə işıqfor obyektləri quraşdırılıb və onların fazaları müəyən edilib, müvafiq nişanlanma işlərinin təşkili həyata keçirilib.