Bakı. Trend:
Cari ilin 6 ayı ərzində Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Sandartlaşdırma İnstitutu publik hüquqi şəxs (AZSTAND) tərəfindən 100 yeni dövlət standartı qəbul edilib.
Trend bu barədə AZSTAND-a istinadən xəbər verir.
Məlumata görə, bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Qeyd edilib ki, qida texnologiyası və kənd təsərrüfatı üzrə 29, tikinti materialları üzrə 9, informasiya, telekommunikasiya və elektrotexnika sahələri üzrə 17, neft-qaz və əlaqəli texnologiyalar üzrə 9, ətraf mühit üzrə 9, nəqliyyat sahəsi üzrə 6, idarəetmə və keyfiyyət üzrə 2, rezin və plastik sənaye üzrə 2, zərgərlik sahəsi üzrə 1, tekstil və dəri texnologiyası üzrə 16 dövlət standartı qəbul edilib.
Eyni zamanda 50 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 44 dövlət standartı ləğv edilib.
Sahibkarların sifarişi əsasında 68 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.