Bakı. Trend:
Ölümdən sonra orqan donorluğu — insanın bu dünyadan köçdükdən sonra başqa birinə həyat bəxş etməsi deməkdir.
Donorun verdiyi ikinci həyat şansı sayəsində həyata qayıdan
şəxslərdən biri də Kamal Qəmbərovdur.
Hər şey Kamalın səhhətində yaranan problemlərlə başlayıb.
Halsızlıq, yorğunluq, bədəndə şişkinlik kimi əlamətlər artdıqca
Kamal həkimə müraciət edib daha sonra müxtəlif analizlər və müalicə
kursları keçib.
Lakin vəziyyətində yaxşılaşma olmayıb, kreatinin göstəricisi normaya düşməyib. Ona hemodializ təyin olunub, lakin bu da uzunmüddətli həll deyildi. Kamalın həyatını yalnız böyrək transplantasiyası xilas edə bilərdi.
O, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edərək gözləmə siyahısına daxil edilib. Nəhayət, ümidverici xəbər gəlib – meyit donorun böyrəklərindən biri Kamala uyğun gəlib.
Kamal Qəmbərov Gömrük Hospitalında peşəkar həkim komandası tərəfindən nəzarətə götürülür və transplantasiya əməliyyatına hazırlıqlar başlayır. Cərrah Mircəlal həkimin rəhbərliyi ilə əməliyyat uğurla həyata keçirilir.
Hazırda Kamalın səhhəti stabildir. O, həyat tərzini tamamilə dəyişib, həkimlərin tövsiyələrinə ciddi şəkildə əməl edir:
“Əməliyyatdan sonra siqareti və digər zərərli vərdişləri tərgitmişəm. Sağlam qidalanıram, gündəlik rejimimə diqqətlə yanaşıram”.
Keçirdiyi bu təcrübə Kamalda orqan donorluğunun mənəvi dəyərini
dərindən anlamağa səbəb olub:
“Mənim həyata qayıtmağıma səbəb olan donorun ruhuna hər gün rəhmət
oxuyuram. O, təkcə mənim deyil, başqalarının da həyatını xilas
edib. Mən də vəsiyyət etmişəm ki, nə vaxtsa dünyamı dəyişsəm,
orqanlarım ehtiyacı olan insanlara verilsin. Bu, həyatın ən mənalı
hədiyyəsidir. Eyni zamanda, Səhiyyə Nazirliyinə də bu istiqamətdə
gördüyü işlərə görə təşəkkür edirəm”