Bakı. Trend:
Azərbaycan idmançıları Almaniyanın Reyn-Rur regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında mübarizəyə başlayıblar.
Trend xəbər verir ki, təmsilçilərimiz 6 idman növündə - stolüstü tennis, badminton, qılıncoynatma, üzgüçülük və tennisdə qüvvələrini sınayıblar.
Qızlardan və oğlanlardan ibarət stolüstü tennis yığmalarımız startda müvafiq olaraq, Cənubi Koreya və ABŞ seçmələrinə 0:3 hesabı ilə uduzublar.
Yarışın ilk günü üzgüçülərimiz üçün də uğurlu alınmayıb. Bu gün mübarizəyə qoşulanda idmançılardan heç biri təsnifatı mərhələsini keçə bilməyib.
Aqil Qəbilov, Həcər Nuriyeva, Nigar Səmədova və Murad Şabanzadədən ibarət badminton üzrə Azərbaycan millisi qarışıq komandaların yarışında ilk oyunda Tailanda, ikinci matçda isə Avstraliyaya 0:5 hesabı ilə məğlub olub.
Qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlarda qız şpaqaçılarımızdan Xədicə Həsənli qrupda qalıb. Aynur Quliyeva (4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) pley-offa adlasalar da, sonrakı mərhələdə öz rəqiblərinə uduzublar.
Qız şpaqaçılarımız iyulun 20-də komanda yarışında mübarizə aparacaq.
Oğlan sablyaçıların şəxsi yarışında Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayıb. Qrup mərhələsini bir qələbə ilə başa vuran Murad Əkbərov mübarizəni erkən dayandırıb. Hesabında 3 qələbə olan Saleh Məmmədov isə pley-offda Avstraliya təmsilçisi Arnav Rajaya 13:15 hesabı ilə uduzub.
Pley-offda honkonqlu rəqibi Hoi Çun Çanqı (15:13) mübarizədən kənarlaşdıran Maqsud Hüseynli ən güclü "16-lığ"a yüksəlmək üçün Qazaxıstan sablyaçısı Bexultan Abzhalla keçirilən görüşdə 8:15 hesabı ilə uduzub.
Oğlan sablyaçılarımız iyulun 20-də komanda yarışında çıxış edəcək.
Azərbaycan tennisçisi Elvin Həşimov Ümumdünya Yay Universiadasına uğurlu start verib. Gənc idmançı 1/32 finalda zambiyalı Nakalanqa Hamayanqveyə 2:1 hesabı ilə qalib gələrək, növbəti raunda vəsiqə qazanıb.
Bədii gimnastika üzrə fərdi yarışlarda İlona Zeynalova ilə Kamilla Seyidzadə top və halqa ilə hərəkətlərdə bacarıqlarını nümayiş etdiriblər. İki hərəkətin cəmində İ.Zeynalova 49.450 xalla 20-ci, K.Seyidzadə 48.200 xalla 25-ci yerdədir. Gimnastlar sabah lent və gürzlə çıxış edəcəklər. Bundan sonra çoxnövçülükdə qaliblər müəyyənləşəcək.
Azərbaycanın qrup komandası isə beş lentlə hərəkətə görə hakimlərdən 24,150 xal alıb və inamla liderlik edir. Sabah komandamız üç top və iki halqa ilə çıxış edəcək. Bu isə o deməkdir ki, çoxnövçülükdə qızıl medal qazanmaq şansı yüksəkdir.
Universiadaya iyulun 27-də yekun vurulacaq.