Bakı. Trend:
Çində müşahidə olunan rekord istilər nəticəsində çərşənbə günü ölkədə elektrik enerjisinə tələbat tarixi maksimum həddə çataraq 1,5 milyard kilovatdan artıq olub.
Trend xəbər verir ki, bəzi məlumatlara görə, cümə axşamı Çinin bir sıra bölgələrində real temperatur 50 dərəcə Selsiyə bərabər hiss olunur.
“Reuters” agentliyinin yazdığına görə, cənub-qərbdə yerləşən, sıx məskunlaşmış Çunçin şəhərindən sahilyanı Quançjouya qədər uzanan dözülməz istilər yayılan ərazidə 200 milyondan artıq insan yaşayır.
Milli Meteoroloji X0idmətə istinad edən Çinin dövlət media orqanlarının cümə axşamı yaydığı məlumata əsasən, subtropik yüksək təzyiq sistemi səbəbindən müşahidə olunan isti və quru hava şəraiti nəticəsində son iki gün ərzində Çinin şimal-qərb və cənub-qərb bölgələrində yerləşən səkkiz meteoroloji stansiyada rekord temperatur göstəriciləri qeydə alınıb.
Çinin Milli Enerji İdarəsi bildirib ki, cari ay ərzində bu, ölkədə qeydə alınan üçüncü “rekord səviyyəli” elektrik enerjisi yüküdür.
Bu göstərici ötən ilin maksimal həddini 55 milyon kilovat üstələyir. Yay mövsümünün əvvəlindən bəri dünyanın ikinci ən böyük iqtisadiyyatına malik ölkənin müxtəlif əyalətlərində elektrik enerjisinə tələbat üzrə 36 yeni rekord qeydə alınıb.
Bununla belə, yandırıcı istilər istehlak xərclərinin də artmasına səbəb olub.
Çinin aparıcı elektron ticarət platforması olan “JD” şirkətinin məlumatına görə, iyun ayı ilə müqayisədə kondisionerlərin satışı 112 faiz, əl ventilyatorlarının satışı isə 103 faiz artıb. İctimai iaşə sektorunda da soyuq içkilərə olan tələbatın artması fonunda nəzərəçarpacaq dərəcədə yüksəliş müşahidə olunur.