Bakı. Trend:
Azərbaycan və Pakistan Ali Audit Qurumları arasındakı əməkdaşlıq çox vacibdir.
Bu sözləri Pakistanın Ali Audit Qurumuna (SAI Pakistan) rəhbəri Muhammad Əcmal Qondal Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclası çərçivəsində Trend-ə müsahibəsində deyib.
Baş auditor Azərbaycan və Pakistan Ali Audit Qurumları arasındakı əməkdaşlıq imkanlarını dəyərləndirib:
"Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri Pakistana səfər edib. Bizim İslamabadda çox ətraflı müzakirələrimiz olub.
Azərbaycanın audit qurumu, həqiqətən, çox irəliləyib. Son 2-3 ildə peşəkar komanda formalaşdırıb. Hazırda onlar maliyyə auditlərində çox yaxşıdırlar".
M.Qondal audit sahəsində təlim proqramından da bəhs edib:
"Bizim təlim proqramımız var. Bu proqram vasitəsilə biz bacarıqlarımızı artırmaq istəyirik. Eyni zamanda, Azərbaycanın Hesablama Palatasının təcrübələrini öyrənmək istəyirik ki, onlar bunu necə edirlər".
Pakistanın baş auditoru Azərbaycanla gələcək əməkdaşlıq imkanlarının dərinləşdirilməsində maraqlı olduqlarını da diqqətə çatdırıb:
"Azərbaycanla audit sahəsində bir sıra əməkdaşlıqlarımızın olacağına ümid edirik. Xüsusən də iqtisadi, eləcə də dövlət və dövlət şirkətlərinə sərmayə qoyuluşu ilə bağlı əməkdaşlıqdan məmnun olardıq.
Azərbaycanın audit sahəsində çox yaxşı təcrübəyə malikdir. Biz də bu sahədə yaxşıyıq. Birləşə bilərik. Elə kənd təsərrüfatı kimi çox da həssas olmayan sahələrdə paralel və ya birgə auditlər apara bilərik. Bu istiqamətdə yüksək səviyyəli müzakirələr etməyi planlaşdırırıq".
"Bu istiqamətdə konkret planlar da tərtib etmişik. Bu planda təlim proqramımız da yer alıb. Biz Bakıya həm də bəzi aspektlər üzrə təlim keçmək üçün gəlmişik. Düşünürəm ki, bizim audit qurumunun Azərbaycanın müvafiq orqanları ilə yaxşı əlaqələri var. Burada qardaş ölkənin audit qurumu ilə birlikdə audit apara bilərik", - deyə Pakistanın baş auditoru fikrini tamamlayıb.