Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 13,4 min ton tikinti gipsi istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, tikinti gipsi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 min ton və ya 19,6% artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda 11,2 min ton tikinti gipsi istehsal edilib.
Bəhs olunan dövrdə istehsal edilmiş gips məmulatlarının miqdarı isə 14 min ton olub ki, bu da, illik müqayisədə 1,9 min ton, yaxud da 12% azdır. 2024-cü ilin ilk iki ayında Azərbaycanda 15,9 min ton gips məmulatları istehsal edilib.
Bu ilin mart ayının birinə ölkədə hazır tikinti gipsi ehtiyatlarının miqdarı 1,8 min ton, hazır gips məmulatlarının ehtiyatı isə 6,1 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 187,6 milyon manatlıq tikinti materialları istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 milyon manat və ya 7,9% çoxdur. Belə ki, ötən ilin ilk iki ayında Azərbaycanda 173,9 milyon manatlıq tikinti materialları istehsal olunub.