...

Almaniya bu il kömürlə işləyən 16 elektrik stansiyasını bağlayıb – Cennifer Morqan

Yaşıl iqtisadiyyat Materials 20 Noyabr 2024 15:27 (UTC +04:00)
Almaniya bu il kömürlə işləyən 16 elektrik stansiyasını bağlayıb – Cennifer Morqan
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya 2024-cü ildə 16 kömür elektrik stansiyasını bağlayıb.

Trend xəbər verir ki, bu barədə Almaniyanın beynəlxalq iqlim dəyişikliyi məsələləri üzrə dövlət katibi və xüsusi nümayəndəsi Cennifer Morqan Bakıda keçirilən COP29 sammitində milli bəyanatla çıxışı zamanı bildirib.

"Biz inkişaf etməkdə olan ölkələrə zəruri həcmdə vəsaitlərin yönləndirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edirik. Almaniya öz öhdəliklərinə sadiq qalır", — deyə o qeyd edib.

Onun sözlərinə görə, Almaniya öz işini görəcək, lakin digər ölkələr də məsuliyyəti öz üzərinə götürməlidir.

"Bugünkü problemlər 1990-cı illərin metodları ilə həll edilə bilməz və bunun üçün özəl investisiyalar və iqlim maliyyələşdirməsi prosedurlarının sadələşdirilməsi lazımdır", — deyə C.Morqan əlavə edib.

"Biz iqlim dəyişikliyinin təsirlərinin azaldılması üçün iddialı həll yoluna ehtiyac duyuruq. Qalıq yanacaqlardan ədalətli, bərabərhüquqlu və planlı keçidi sürətləndirməliyik. 2030-cu ilə qədər bərpa olunan enerji mənbələrindən istifadəmizi üç dəfə artırmalı və enerji səmərəliliyini ikiqat artırmalıyıq", — deyə Cennifer Morqan vurğulayıb.

O qeyd edib ki, bərpa olunan enerji mənbələri Almaniyada elektrik enerjisi istehlakının təxminən 60 faizini təşkil edir. Almaniyada qaz tələbatı azalır və ölkə dünyanın ən stabil enerji şəbəkələrindən birinə malikdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti