Bakı. Trend:
Paris Sazişinə uyğunluğu təmin etmək və ekoloji davamlılığa nail olmaq məqsədilə hava limanları yenilənmiş sertifikasiya standartlarını tətbiq edib.
Trend xəbər verir ki, bu barədə “ACI EUROPE”un baş direktoru Oliver Yankovets "Hava limanlarının iqlim sahəsində fəaliyyətinin nümayişi" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
"Yeni tədbirlər CO₂ emissiyalarının mütləq azalmasına və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) müəyyən etdiyi 1,5°C və 2°C hüdudunda qlobal istiləşmənin qarşısını almaq üzrə uzunmüddətli məqsədlərə çatmağa yönəlib.
Əsas dəyişikliklər aşağıdakıları əhatə edir: Hava limanı ərazisində CO₂ emissiyalarının mütləq azalması, ekoloji fəaliyyətin şəffaflığını artırmaq üçün hesabat və karbon emissiyalarının azaldılmasına dair tələblərin sərtləşdirilməsi, hava limanlarının bütün fəaliyyət mərhələlərində karbon izinin azaldılması təşəbbüslərinin həyata keçirilməsi üçün işgüzar tərəfdaşlarla əməkdaşlığın dərinləşdirilməsi", — deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.