Bakı. Trend:
Gürcüstan və Azərbaycan arasında kontreyler daşımalarının inkişaf potensialı araşdırılır.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili COP29 çərçivəsində keçirilən "Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar" mövzusunda yüksək səviyyəli dəyirmi masa zamanı bildirib.
"Kontreyler daşımaları Gürcüstan və Azərbaycan arasında dəmir yolu və avtomobil nəqliyyatının üstünlüklərini birləşdirir. Bu, yanacaq sərfini və emissiyaları azaldır, eyni zamanda, yollarda təhlükəsizliyi artırır. Hazırda texniki-iqtisadi əsaslandırma tədqiqatı tamamlanmaq üzrədir və gələn ilin əvvəlində nəticələri gözlənilir", — deyə o qeyd edib.
Onun sözlərinə görə, Gürcüstan müxtəlif nəqliyyat növləri arasında yüklərin səmərəli ötürülməsini təmin edən və davamlı təchizat zəncirlərini dəstəkləyən multimodal qovşaqların və logistika mərkəzlərinin inkişafını fəal şəkildə təşviq edir.
"Gürcüstanın BMT-nin nəqliyyat infrastrukturu sahəsində bir çox beynəlxalq hüquqi alətlərinə tərəfdaş olduğunu qeyd etmək vacibdir. Bu, ölkənin beynəlxalq standartlara sadiqliyini nümayiş etdirir. Beynəlxalq səviyyədə koordinasiyanın təkmilləşdirilməsi və hüquqi çərçivələrin harmonizasiyası fiziki maneələri aradan qaldıraraq və nəqliyyat sistemlərinin uyğunluğunu yaxşılaşdıraraq, regional əlaqəni əhəmiyyətli dərəcədə gücləndirə bilər”, — deyə nazir bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.