Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp aprelin əvvəlində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığında Amerika gəmilərinin Süveyş kanalından azad və maneəsiz keçməsini təmin etmək niyyətində olduğunu bildirib.
Trend xəbər verir ki, bu barədə “Wall Street Journal” məsələ ilə tanış mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın bu təşəbbüsü Yəməndəki husilərin Qırmızı dənizdəki gəmilərə hücumlarının artması və bu səbəbdən Süveyş kanalındakı yük axınının azalması fonunda irəli sürülüb. Hücumlar Misirin tranzit gəlirlərinə də ciddi təsir göstərib.
Mənbələr bildiriblər ki, Tramp Qahirədən husilərə qarşı hərbi əməliyyatlar üçün kəşfiyyat məlumatı, maliyyə və ya digər dəstək almağa çalışıb. Lakin Misir prezidenti Sisi bu yanaşmaya qoşulmaqdan imtina edərək bildirib ki, Qəzzada atəşkəs əldə olunması husiləri dayandırmağın ən effektiv yoludur.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Ceyms Hyuit WSJ-yə açıqlamasında ABŞ-ın Qırmızı dənizdə naviqasiya azadlığının bütün tərəfdaş ölkələr, o cümlədən Misir üçün əhəmiyyət kəsb etdiyini bildirib. Onun sözlərinə görə, “husilərə qarşı uğurlu hərbi kampaniyanın yükü paylaşılmalıdır və ABŞ gəmilərinin Süveyş kanalından ödənişsiz keçidi bu yükün bölüşdürülməsinin bir formasıdır”.
Qəzet qeyd edir ki, bu ilin yazında Vaşinqtona səfər edən misirli rəsmilərə ABŞ administrasiyasının Qahirəyə ayırdığı iqtisadi yardımı ciddi şəkildə azalda biləcəyi ilə bağlı xəbərdarlıq edilib.