Bakı. Trend:
Almaniyada ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasından Avropa Parlamenti üzvü Maksimilian Krahın sabiq köməkçisi Cian G. və Çin vətəndaşı Yaqi X. Çin kəşfiyyatı ilə əməkdaşlıqda ittiham olunaraq məsuliyyətə cəlb ediliblər.
Trend xəbər verir ki, bu barədə “Tagesschau” məlumat yayıb.
Federal Baş Prokurorluğun yaydığı məlumata görə, Cian G. Avropa Parlamentində aparılan danışıqlar və qəbul edilən qərarlar barədə məlumatları Çin xüsusi xidmət orqanlarına ötürməkdə, eyni zamanda Çin müxalifətini izləməkdə ittiham olunur. Onun Çin kəşfiyyatı ilə əməkdaşlığının 2002-ci ildən bəri davam etdiyi bildirilir.
İstintaq çərçivəsində Cian G-nin 500-dən çox sənədə çıxışı olduğu müəyyən edilib və bu sənədlərin bəzilərinin məxfi xarakter daşıdığı vurğulanır. O, həmçinin AfD partiyasının rəhbər şəxsləri, o cümlədən M.Krah barədə məlumat toplamaqda ittiham edilir.
Cian G. 2024-cü ilin aprelində Drezdendə saxlanılıb. Onunla əlaqəli olduğu güman edilən və Leypsiq-Halle hava limanında işləyən Yaqi X. isə Almaniyadakı silah daşımaları ilə bağlı məlumatları Çin tərəfinə ötürməkdə ittiham olunur.
Maksimilian Krah hadisə ilə bağlı açıqlama verərək casusluq fəaliyyətindən əvvəlcədən xəbərsiz olduğunu və özünü “qurban” hesab etdiyini bildirib.
Hazırda hər iki şəxs istintaq təcridxanasında saxlanılır. Hadisə ölkədə təhlükəsizlik strukturlarına xarici təsirlərin qarşısının alınması üçün nəzarət və yoxlamaların daha da sərtləşdirilməsi zərurətini gündəmə gətirib.