Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəyə qeyri-qanuni daxil olan milyonlarla insanın hamısının məhkəmə prosesindən keçirilməsinin mümkün olmadığını bildirib.
Trend xəbər verir ki, Tramp bu fikrini ABC televiziya kanalına verdiyi müsahibədə səsləndirib. Müsahibə onun ikinci müddətinin ilk 100 gününə həsr olunub.
“Qeyri-qanuni daxil olan hər bir şəxsin məhkəməsini apara bilmərəm. Onlar, yəni Bayden administrasiyası, 21 milyon insanın qeyri-qanuni şəkildə ölkəyə daxil olmasına şərait yaradıb,” – deyə Tramp bildirib.
Qeyd edək ki, Tramp ABŞ-nin immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır. O, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan edib və Daxili Təhlükəsizlik Departamentinin səlahiyyətlərini genişləndirərək immiqrasiya məhkəməsi olmadan sürətləndirilmiş deportasiyalar həyata keçirməyə şərait yaradıb.