Bakı. Trend:
Şimali Koreya ötən həftə istifadəyə verilən "Çve Rön" adlı çoxməqsədli esminesinin döyüş qabiliyyətini sınaqdan keçirib.
Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Məlumata əsasən, esminesin silah sistemlərinin ilk sınaqları aprelin 28 və 29-da keçirilib. Sınaqlar zamanı səsdən sürətli qanadlı raketlər, strateji qanadlı raketlər və zenit raketləri buraxılıb, eyni zamanda 127 mm-lik göyərtəli avtomatik topdan atəş açılıb. Bundan əlavə, gəmi əleyhinə taktiki idarə olunan silahlar, göyərtəli avtomatlar, tüstülü və radio tıxanma silahları da sınaqdan keçirilib.
Sınaqlara şəxsən nəzarət edən Şimali Koreya lideri Kim Çen In, donanmanın nüvə silahlanmasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq, bunun dövlətin və dəniz sərhədlərinin mövcud və potensial təhlükələrdən qorunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.