Bakı. Trend:
İtaliyada Qərbi Nil virusu səbəbilə həyatını itirənlərin sayı 9 nəfərə yüksəlib. Son olaraq Kampaniya regionunun Kazerta əyalətində 76 və 72 yaşlı iki kişi dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu, son iki gündə ölkə üzrə 4-cü, həmin regionda isə 5-ci ölüm halı kimi qeydə alınıb.
Hazırda Kazerta əyalətində 17 yoluxma halı təsdiqlənib. Ümumilikdə ölkə üzrə Qərbi Nil virusuna 59 nəfər yoluxub. Onlardan 16-sı xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti isə kritik olaraq reanimasiyada dəyərləndirilir.
Qərbi Nil virusu əsasən ağcaqanadlar vasitəsilə yayılır. Yoluxanların təxminən 80 faizində heç bir simptom müşahidə olunmur, digər 20 faizində isə hərarət, halsızlıq, ürəkbulanma, qusma, başağrısı və əzələ ağrıları müşahidə edilir.
Xəstəliyə daha çox Afrika, Avropa, Yaxın Şərq, Şimali Amerika və Qərbi Asiyada rast gəlinir. 2024-cü ilin əvvəlindən etibarən İtaliyada 460 yoluxma və 20 ölüm halı qeydə alınıb.