Bakı. Trend:
Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Amerika dizaynlı kiçik modul nüvə reaktorlarının (SMR) tikintisi üçün hazırlıq işlərinə başladığını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə "Telex" məlumat yayıb.
Nazir bildirib ki, Macarıstanın dövlətə məxsus Hunatom şirkəti Polşanın Synthos Green Energy şirkəti ilə yeni nüvə texnologiyalarının tətbiqinə dair texnoloji və hüquqi hazırlıq işlərini nəzərdə tutan müqavilə imzalayıb.
“Bu saziş Macarıstanda Amerika nüvə texnologiyasının tətbiqi üçün zəruri olan texnoloji, infrastruktur, maliyyə və hüquqi hazırlıq prosesinin başlanmasını təmin edir”, – deyə Siyarto qeyd edib.
O, əlavə edib ki, məhdud resurslara malik ölkələr üçün iri atom elektrik stansiyalarının tikintisi çətin və qeyri-real görünə bilər. Bu baxımdan, əvvəlcədən hazırlanaraq yerində asanlıqla quraşdırıla bilən kiçik modul reaktorlar səmərəli alternativdir.
Qeyd edək ki, kiçik modul reaktorlar nisbətən yeni texnologiya hesab olunur. İlk belə reaktor 2023-cü ildə ABŞ-da rəsmi olaraq təsdiqlənib.