Bakı. Trend:
Almaniya hökuməti 2025-ci ilin sonunadək qüvvəyə minməsi gözlənilən hərbi texnika satınalmalarını parlamentin təsdiqinə hazırlayır.
Trend xəbər verir ki, “Bloomberg” agentliyinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, bu plan çərçivəsində 20 ədəd “Eurofighter” qırıcısının, 5 minədək “Boxer” tipli zirehli döyüş maşınının və azı 3500 ədəd “Patria Oyj” zirehli texnikasının alınması nəzərdə tutulur.
İyulun 30-da Almaniya Nazirlər Kabineti ölkənin orta müddətli maliyyə planını təsdiqləməlidir. Həmin plana əsasən, Almaniyanın illik müdafiə büdcəsi qarşıdakı dörd il ərzində iki dəfədən çox artırılaraq, 162 milyard avroya çatdırılacaq.
Agentlikdən qeyd edilib ki, bu göstərici 2029-cu ilədək gerçəkləşdirilməli və NATO-nun hərbi xərclərin 2035-ci ilə qədər ÜDM-in 3,5 faizinə çatdırılması ilə bağlı hədəfini xeyli qabaqlamalıdır.