Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan məhsullara əlavə 40 faiz tarif tətbiq edən fərman imzalayıb. Bununla da ümumi rüsum məbləği 50 faizə çatdırılıb.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar Braziliya hökumətinin ABŞ-nin milli təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid yaradan, eləcə də Amerika şirkətləri və vətəndaşlarının söz azadlığı hüquqlarına zərər vuran addımlarına cavab olaraq verilib.
Ağ Ev həmçinin qeyd edib ki, Braziliya hakimiyyəti, xüsusilə də Ali Məhkəmənin hakimi Aleşandre de Moraeşin vasitəsilə ABŞ şirkətləri və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura və təzyiqlər həyata keçirir.
Fərman çərçivəsində hakim de Moraeş, onun ailə üzvləri və müttəfiqlərinə qarşı viza məhdudiyyətlərinin tətbiq olunması da nəzərdə tutulur.
Rəsmi açıqlamada vurğulanıb ki, bu tədbirlər ABŞ-nin söz azadlığı, iqtisadi maraqları və milli təhlükəsizliyinin qorunmasına xidmət edir.