Bakı. Trend:
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr qazma işləri həyata keçirilib.
Tredn SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton neft, 2 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4% artaraq, 12,7 milyard kubmetr təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton xam neft hasil olunub.
Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, istehlakı isə 2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6% artım qeydə alınıb.
Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.