Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla İslamabad arasında Pakistanın nəhəng neft ehtiyatlarının birgə işlənməsi barədə saziş imzalandığını bildirib.
Trend-in məlumatına görə, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Biz indicə Pakistanla bir saziş imzaladıq. Bu sənədə əsasən, Pakistan və Birləşmiş Ştatlar onların böyük neft ehtiyatlarının işlənməsi üzrə birgə əməkdaşlıq edəcəklər. Hazırda bu tərəfdaşlığa rəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir gün onlar Hindistana neft satacaqlar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl avqustun 1-dən Hindistana qarşı 25 faiz gömrük rüsumlarının tətbiq ediləcəyini elan etmişdi. Bu qərarın səbəblərindən biri Hindistanın Rusiya enerji daşıyıcılarını alması ilə əlaqələndirilir.