Bakı. Trend:
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin Nyu-Yorkda türkiyəli həmkarı Nuh Yılmaz ilə Yaxın Şərqdəki vəziyyət və Suriyadakı son hadisələrlə bağlı görüş keçirib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 29-da BMT çərçivəsində keçirilən Fələstin-İsrail münaqişəsinin ikidövlətli həllinə dəstək üzrə yüksək səviyyəli beynəlxalq konfrans çərçivəsində baş tutan görüşdə tərəflər Yaxın Şərqdəki genişmiqyaslı böhrandan çıxış yolları ilə bağlı kollektiv səylərə xüsusi diqqət ayırıblar.
Nazirlikdən qeyd olunub ki, Türkiyə nümayəndələri konfrans çərçivəsində ikidövlətli prinsipin qorunması ilə bağlı dəyirmi masalarda öz fəaliyyətləri barədə məlumat veriblər.
Görüş zamanı tərəflər həmçinin digər regional məsələlər, o cümlədən Suriyada baş verən hadisələr və BMT Təhlükəsizlik Şurası ilə Baş Assambleyasının gündəliyində olan qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.