Bakı. Trend:
Kamçatkada baş verən güclü zəlzələdən sonra Avrasiyanın ən hündür aktiv vulkanı – Klyuçevskaya Sopka (digər adı ilə Klyuçevskoy) püskürməyə başlayıb.
Trend xəbər verir ki, mütəxəssislər bir neçə gün əvvəl vulkan aktivliyinin artması ilə əlaqədar olaraq bölgədə yerləşən Avaçinski, Bezımyannı, Şiveluç, Klyuçevskoy və Karımskiy vulkanlarını ziyarət etməməyi tövsiyə etmişdilər.
Klyuçevskaya Sopkanın təxminən 4700 metr hündürlüyü var və o, Avrasiya materikinin ən yüksək aktiv vulkanı hesab olunur.
Qeyd edək ki, Kamçatkada 1952-ci ildən bəri ən güclü zəlzələ qeydə alınıb. Müxtəlif hesablamalara görə, maqnitudası 8,7-yə qədər olub. ABŞ Geoloji Xidməti bu zəlzələni 1900-cü ildən bəri dünyada baş verən ən güclü 10 zəlzələdən biri kimi qiymətləndirib.
Zəlzələdən sonra bir sıra ölkələrdə sunami təhlükəsi ilə bağlı xəbərdarlıqlar elan olunub. Kamçatka bölgəsində vəziyyət seysmik və vulkanoloji cəhətdən ciddi şəkildə izlənilir.
XXX
04:57
Kamçatka sahillərində cəmi bir saat ərzində 10 yeraltı təkan baş verib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı “Telegram” kanalında məlumat yayıb.
Seysmoloqlar bildiriblər ki, zəlzələlərin maqnitudası 4,2 ilə 5,6 bal arasında dəyişib. Yeraltı təkanların hiss olunub-olunmaması ilə bağlı isə hələlik məlumat verilməyib.
Qeyd edək ki, Kamçatka bölgəsi seysmik aktiv zonalardan biri hesab olunur və burada zaman-zaman güclü zəlzələlər qeydə alınır. Hazırda vəziyyət müşahidə altında saxlanılır.
XXX
22:39
Rusiyanın Kamçatka diyarında cəmi 10 dəqiqə ərzində beş zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, baş verən yeraltı təkanların maqnitudası müvafiq olaraq 5, 4.8, 4.8, 5.3 və 6 bal təşkil edib.
Hazırda bu zəlzələlərin insanların hiss etməsi barədə heç bir məlumat daxil olmayıb.
Qeyd edək ki, yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24) Sakit okeanda, Kamçatka sahilləri yaxınlığında 8.8 bal gücündə daha güclü bir zəlzələ də baş verib.