Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova iyulun 30-da İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlament Sədrlərinin 6-cı Dünya Konfransının ikinci günündə ümumi müzakirələrə sədrlik edib. Müzakirələrdə 30-a yaxın ölkənin parlament sədrləri çıxış ediblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sonra müzakirələr Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Məclisinin Daimi Komitəsinin sədri Jao Lejinin sədrliyi ilə davam edib.
Qeyd edilib ki, Parlament Sədrlərinin 6-cı Dünya Konfransı Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisində BMT və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçirilir.
Konfransda ümumilikdə 120 nümayəndə heyəti, o cümlədən, 102 ölkənin parlament sədrləri, 38 ölkənin vitse-spikerləri, həmçinin, Parlamentlərarası İttifaqın əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.