Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycana 149,1 min ton plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu idxala çəkilən xərcin həcmi 274,9 milyon ABŞ dolları təşkil edib.
Plastmassa və onlardan hazırlanan məmulatların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 7,1 min ton və ya 5%, dəyər ifadəsi ilə 22,5 milyon ABŞ dolları, yaxud da 8,9% artıb.
Belə ki, ötən ilin birinci yarısında Azərbaycana 142 min ton miqdarında, 252,4 milyon ABŞ dolları dəyərində plastmassa və onlardan hazırlanan məmulatlar idxal edilmişdi.
Bu məhsulların idxalı cari ilin ilk altı ayı üzrə idxalın 2,39%-ini təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.