Bakı. Trend:
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial iqtisadi inkişaf Strategiyası"nın və "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın layihələrinin hazırlanması məqsədilə yaradılmış "İqtisadi artım" və "Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası" üzrə alt işçi qruplarının ilk iclasları keçirilib.
Trend xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Həmkarlarla birlikdə ölkəmizin sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində müəyyənləşdirilmiş hədəfləri və fəaliyyət planlarını vurğuladıq.
İqtisadiyyatın şaxələndirilməsi, investisiyaların fəal təşviqi, sahibkarlara dəstək, işğaldan azad edilmiş ərazilərdə biznes aktivliyinin artırılması, özəl sektorun inkişafı, ixracyönümlü artım modelinin və biznes mühitinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyətini qeyd etdik", - deyə paylaşımda bildirilib.