...

Sosial müdafiə sahəsində hansı xarici təcrübələr ölkəmizdə tətbiq edilir? - RƏSMİ

Cəmiyyət Materials 31 İyul 2025 09:46 (UTC +04:00)
Sosial müdafiə sahəsində hansı xarici təcrübələr ölkəmizdə tətbiq edilir? - RƏSMİ
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev tərəfindən sosial sahəyə göstərilən xüsusi diqqət və qayğının nəticəsi olaraq, ölkəmizdə bütün sahələrdə davamlı tərəqqi prosesləri sosial nailiyyətlərlə tamamlanıb və əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılması təmin olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, xüsusilə də son illər aparılan ardıcı sosial islahatlar nəticəsində ölkəmizin sosial müdafiə sistemi daha da güclənib, sosial ödənişlərin davamlı artımı təmin edilib, bu sahədə xidmətlər innovativ yanaşmalar, rəqəmsal həllərin tətbiqi ilə təkmilləşib:

"Əmək, məşğulluq, sosial müdafiə, reabilitasiya, əlilliyi olan şəxslərin peşə reabilitasiyası, sosial xidmət sahələrində aparılan islahatlar prosesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlarla (Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Avropa Sosial Şəbəkəsi, Dünya Bankı, Asiya İnkişaf Bankı, Ümumdünya Səhiyyə Təşkilatı, Türk Dövlətləri Təşkilatı və b.), habelə qardaş Türkiyə, Özbəkistan, Qazaxstan, Gürcüstan, Tacikistan, Moldova, Macarıstan, Serbiya və s. ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq həyata keçirir.

Məsələn, Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə sıx əməkdaşlıq şəraitində ötən dövrdə ölkəmiz bu Təşkilatın 60-a yaxın Konvensiyasını, habelə 10 fundamental Konvensiyasından 9-nu ratifikasiya edib. Azərbaycanın MDB ölkələri arasında ən çox BƏT-in standartlarını qəbul etmiş ölkələrdən biridir. Həmin sənədlərdən irəli gələn prinsiplər milli qanunvericilikdə tətbiq olunub. Həmçinin ötən dövrdə BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramı uğurla icra edilib".

Qeyd edilib ki, eyni zamanda, əməkdaşlığın mühüm tərkib hissəsi olaraq ardıcıl təcrübə mübadilələri aparılır, birgə layihələr icra olunur:

"Son illər ölkəmizdə sosial sahədə aparılan ardıcıl islahatlar çərçivəsində ölkədə müasir reabilitasiya sisteminin qurulması ilə yanaşı, reabilitasiya xidmətləri spektrinin qabaqcıl beynəlxalq təcrübədən irəli gələn yeni istiqamətlər üzrə xeyli genişlənməsi təmin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq, 2018-2023-cü illərdə dünya təcrübəsinə uyğun olaraq robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiya metodlarının da tətbiqinə başlanıb. Həmçinin stasionar və ambulator xidmətlərlə yanaşı, son illərdə icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətlərinin göstərilməsi təmin edilir".

"Həmçinin protez-ortopedik məmulatların hazırlanması, reabilitasiya vasitələri ilə təminat sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi diqqətdə saxlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə Almaniya, İslandiya, Danimarkanın əlilliyi olan şəxslərin daha rahat hərəkət imkanlarına malik olması üçün funksional protez-ortopedik məmulatların, o cümlədən son nəsil texnologiyaların hazırlandığı şirkətləri ilə sıx əməkdaşlıq həyata keçirilir. Son illər Mərkəzdə bu əməkdaşlıq şəraitində layihələndirilməklə yeni yüksək texnologiyalı protezlərin istehsalı sexi də qurulub.

Azərbaycan Ordusunun tarixi Zəfər qazandığı Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının göstərişi əsasında şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək paketinin bir istiqaməti kimi, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatı da həyata keçirilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən postmüharibə dövründə müharibə ilə əlaqədar əlilliyi olan 2,3 min şəxs 76 min reabilitasiya vasitəsi verilib ki, onlardan 493 şəxs 611 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub", - deyə məlumata əlavə edilib.

Vurğulanıb ki, son illər əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı sisteminin gücləndirilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilib və ölkəmizdə əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısındakı reabilitasiya vasitələri növlərinin sayı əhəmiyyətli dərəcədə artırılıb:

"Digər tərəfdən son illər qabaqcıl dünya təcrübəsindən də istifadə olunmaqda, əlilliyi olan şəxsin əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirləri əks etdirən Fərdi Reabilitasiya və Abilitasiya Proqramı hazırlanaraq tətbiq olunur.
Eyni zamanda, bir sıra ölkələrin aidiyyəti qurumları ilə əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadilələri aparılır.

Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan uğurlu islahatların nailiyyətləri, o cümlədən DOST mərkəzləri və dövlət sosial xidmətlərinin elektronlaşdırılması, o cümlədən e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi kimi mühüm rəqəmsal sosial layihələr beynəlxalq səviyyədə də yüksək qiymətləndirilərək bir çox xüsusi mükafatlara layiq görülüb. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində aparılan islahatların uğurları təkcə 2025-ci ilin ilk yarımili ərzində 65 beynəlxalq mükafat və sertifikata layiq görülüb".

"Azərbaycanın DOST təcrübəsi elə ilk vaxtlardan beynəlxalq təşkilatları, digər ölkələrin sosial sahə üzrə qurumlarının diqqətini cəlb edib. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST mərkəzlərində sosial sahələr üzrə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunur. Bu gün bir sıra ölkələrdə konkret fəaliyyət sahələri üzrə “bir pəncərə”dən xidmətlər göstərən qurumlar olsa da, sosial sahədə çox geniş, əhatəli bir spektrdə 160-dək xidmətin “bir pəncərə”dən göstərılməsi yalnız DOST konsepsiyasına məxsus olan bir nailiyyətdir.

Həmçinin, Azərbaycanın son illər aparılan islahatlar nəticəsində sosial sahədə xidmətlərin avtomatlaşdırılması, proaktiv təyinat mexanizmlərinin qurulması təcrübəsi beynəlxalq səviyyədə maraqla qarşılanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 159 xidmətinin 145-dən çoxunu, yəni artıq 90 faizdən çox hissəsini, elektron platformada təqdim edir. Ona görə də hazırda bir sıra ölkələr (Rumıniya, Moldova, Özbəkistan, Belarus və s.) DOST təcrübəsini, həmçinin ölkəmizin rəqəmsal sosial xidmətlər təcrübələrini öyrənməyə, tətbiq etməyə maraq göstərir və bu sahədə onlarla fəal təcrübə mübadiləsi aparılır", - deyə Nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti