Bakı. Trend:
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Azərbaycanın payına düşən karbohidrogenlərin hasilat və daxilolma proqnozları ilə faktiki icra göstəriciləri arasında müşahidə olunan fərqləri nəzərə alaraq, proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsi, satış qiymətləri ilə bağlı risklərin effektiv idarə olunması, habelə podratçılarla şəffaflıq və nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi və bu proseslərin səmərəli icrası üçün aidiyyəti təşkilatlarla koordinasiyanın artırılması zəruridir.
Trend bu barədə Hesablama Palatasının Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında rəyinə istinadən xəbər verir:
Hesablama Palatasının ARDNF-na təvsiyələri və təklifləri aşağıdakılardır:
Fondun likvidlik göstəricilərində, xüsusilə cari hesab qalığında müşahidə olunan aylar üzrə dəyişkənliyin və ilin sonunda baş verən əhəmiyyətli artımın səbəblərinin təhlil olunması, vəsaitlərin il ərzində daha balanslı və məqsədyönlü idarə olunmasını təmin etmək məqsədilə likvidlik planlaşdırmasının təkmilləşdirilməsi, bu prosesin Fondun xərcləri və öhdəliklərinin icra dinamikası ilə uyğunlaşdırılmasının zəruriliyi;
Fondun özəl səhmlər alt portfelinin hədəf gəlirliliyi ilə müqayisədə aşağı performans göstərməsi fonunda bu aktiv sinfinin səmərəliliyinin artırılması məqsədilə portfelin sektor və coğrafiya üzrə diversifikasiyası, aktivlərin həyat dövrü, likvidlik profili, risk–gəlir nisbəti və idarəedici menecerlərin effektivliyi kimi əsas göstəricilər üzrə təhlilin gücləndirilməsi, aşağı gəlirliliyin səbəbləri müəyyənləşdirilməli və onların aradan qaldırılmasına yönəlmiş konkret və məqsədyönlü tədbirlər planı hazırlanmasının məqsədəuyğunluğu;
Özəl səhmlərə dair investisiya qərarlarının qəbulunu tənzimləyən institusional çərçivənin təkmilləşdirilməsi, layihə seçimi və qiymətləndirmə meyarlarının nəticəyönlü indikatorlarla 32 gücləndirilməsi, eləcə də bu aktiv sinfi üzrə performansın davamlı monitorinqini və hesabatlılığını təmin edən effektiv idarəetmə mexanizmlərinin tətbiqinin məqsədəuyğunluğu;
Daşınmaz əmlak alt portfeli üzrə hədəflənmiş strukturun formalaşdırılması üçün tələb olunan vaxt, eləcə də məqbul bençmarkların seçilməsi və təsdiqi üzrə görülmüş tədbirlər nəzərə alınmaqla, alt portfel üçün yekun bençmarkın təsdiqi və bu istiqamətdə Fondun fəaliyyətini tənzimləyən müvafiq normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin nəzərdən keçirilməsinin məqsədəuyğunluğu;
Fondun strateji məqsədləri və vəzifələri, o cümlədən idarəetmədə olan vəsaitlərin gələcək nəsillər üçün qorunub saxlanılması nəzərə alınaraq, vəsaitlərin idarə olunmasında real gəlirlilik meyarının əsas prinsiplərdən biri kimi müəyyənləşdirilməsi, bu yanaşmanın müvafiq qiymətləndirmələrdə və bençmark seçimində nəzərə alınmasının vacibliyi;
2024-cü ildə daşınmaz əmlak alt portfeli üzrə mənfi gəlirlilik (-2,9%) müşahidə olunmuşdur. Bu mənfi göstərici əsasən qlobal daşınmaz əmlak bazarında müşahidə edilən durğunluqla izah edilsə də, bu alt portfel üzrə risklərin, o cümlədən tərəfdaşlar ilə risklərin bölüşdürülməsi mexanizmlərinin təkmilləşdirilməsi, gəlirlilik və risk arasında optimal balansı təmin edəcək meyarların müəyyən edilməsi, habelə aktivlərin portfeldə saxlanılması və ya satılması imkanlarının müvafiq bazar konyukturasına uyğun qiymətləndirilməsinin təkmilləşdirilməsi məqsədəuyğun hesab olunur.