Bakı. Trend:
Kanada əyaləti Ontario hökuməti əyalətin şimal bölgələrində peyk interneti təmin etmək üçün “Starlink” ilə imzaladığı 100 milyon dollarlıq müqaviləni ləğv edib.
Trend-in "Global News"a istinadla verdiyi məlumata görə, sözügedən müqavilə 2023-cü ilin noyabrında imzalanmış və təxminən 15 min ev təsərrüfatına yüksək sürətli peyk interneti çatdırılmasını nəzərdə tutmuşdu. Layihə “SpaceX” şirkətinə məxsus “Starlink” platforması üzərindən həyata keçirilməli idi.
Hökumətin nümayəndəsi mətbuata açıqlamasında bildirib:
“Hökumətimiz ‘Starlink’ ilə müqaviləni ləğv etdi. Biz əyalət
boyunca sabit və uzunmüddətli yüksək sürətli internetə çıxışı təmin
etmək məqsədilə alternativ həll yolları axtarırıq.”
Müqavilənin ləğvi cərimə ödənişi ilə müşayiət olunsa da, onun məbləği açıqlanmayıb. Hökumətdəki mənbələr danışıqların konstruktiv keçdiyini, kompensasiya məbləğinin 100 milyon dollardan xeyli az olduğunu bildiriblər.
Ontario hökuməti hələlik alternativ internet provayderlərinin kimlər olacağını və yeni müqavilənin nə vaxt bağlanacağını açıqlamayıb.