Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) sabiq müdafiəçisi Gilbert Arinas qanunsuz qumar biznesinin təşkilində şübhəli bilinərək Kaliforniya ştatında saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə məlumatı ABŞ-i Kaliforniya Mərkəzi Dairəsinin Prokurorluğunun mətbuat xidməti yayıb.
İstintaqın məlumatına əsasən, Arinas 2021-ci ilin sentyabrından 2022-ci ilin iyuluna qədər öz şəxsi malikanəsini yüksək mərcli qanunsuz poker oyunlarının təşkili üçün icarəyə verib. Onunla birlikdə bir neçə İsrail vətəndaşı da saxlanılıb.
43 yaşlı Arinas NBA karyerası ərzində “Golden State Warriors”, “Washington Wizards”, “Orlando Magic” və “Memphis Grizzlies” komandalarının formasını geyinib. O, 2005, 2006 və 2007-ci illərdə NBA All-Star oyunlarında iştirak etmişdi.
Hazırda araşdırmalar davam edir, Arinasa qarşı ittihamlarla bağlı detallı açıqlama verilməyib.