Bakı. Trend:
Yaş məsələsi həssas məsələdir. Bunu aradan götürmək üçün daha çox inkişaf etməliyik.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Elşad Həsənov komitənin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
“Hansısa orta məktəbin müəllimi 65 yaşında pensiyaya çıxır, akademiyanın prezidenti isə 95 yaşında işləyir. Akademiyanın prezidenti olmaq orta məktəb müəllimi işləməkdən daha az məsuliyyətlidirmi? Yaş məsələsi ilə bağlı narazılıqlar var”, - deyə deputat bildirib.
Komitənin sədri Musa Quliyev Elşad Həsənova cavabında vurğulayıb ki, yaş insanın əmək fəaliyyəti üçün əngəl ola bilməz:
“İnsanın sağlamlığı ona imkan verdiyi təqdirdə, işləməlidir. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda yaş həddi ona görə qoyulub ki, gənclərə daha çox yol açılsın. Biz daha çox yeni iş yerləri haqqında düşünməliyik, nəinki yaşlı insanları istefaya göndərib onların yerinə gəncləri götürmək”.