...

İstehlakçılara qaytarılan vəsaitlərin 43%-i qüsurlu malların satışı ilə bağlı olub

İqtisadiyyat Materials 29 Aprel 2025 10:24 (UTC +04:00)
İstehlakçılara qaytarılan vəsaitlərin 43%-i qüsurlu malların satışı ilə bağlı olub
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci rübündə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçılardan daxil olan 1 462 müraciətə baxılıb. Təmin olunmuş 595 müraciət əsasında 56 min manatadək vəsait sahibkarlıq subyektləri tərəfindən istehlakçılara qaytarılıb. İstehlakçılara qaytarılan vəsaitlərin böyük qismi, yəni 43%-i (23,917 AZN) qüsurlu malların satışı ilə bağlı olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, qaytarılan vəsaitin ümumi məbləğinin 18%-i (10,182 AZN) müqavilə şərtlərinin pozulması, 11%-i (6,231 AZN) istehlakçının tələbi ilə lazımi keyfiyyətdə olan malın dəyişdirilməməsi və ya qaytarılmaması, 9%-i (4,963 AZN) xidmətlərin keyfiyyətsiz və qüsurlu olması, 7%-i (3,609 AZN) istehlakçılara mal və ya xidmət haqqında məlumat verilməməsi, 3%-i (1,469 AZN) ödənilmiş vəsaitin geri qaytarılmaması, 2%-i (1,111 AZN) istehlakçıların aldadılması, 1%-i (638 AZN) isə keyfiyyətsiz-sertifikatsız malların satılması ilə bağlı olub.

Digər istehlakçı hüquqlarının pozulması halları ilə bağlı qaytarılan vəsait isə ümumi məbləğin 6%-ni (3,483 AZN) təşkil edib.

“İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə, həmçinin, ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

İstehlakçılar yuxarıda qeyd edilən pozuntu halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə birbaşa ərizə, rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər”, - deyə məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti