Bakı. Trend:
Bu gün Bakıda Milli Biznesin İnkişafı Forumu öz işini yekunlaşdırıb.
Trend xəbərverirk, forum "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
Forumda "Caspian Energy Club"ın sədri və Qrupun Baş İcraçı direktoru Telman Əliyev, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), eləcə də ADSEA tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən "Caspian Energy Club"ın sədri və Qrupun Baş İcraçı direktoru Telman Əliyev bildirib ki, regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmaq əsas hədəflərimizdən biridir.
"Biz Azərbaycan Milli Biznes Assosiasiyası brendini dövlət başçısının tapşırığı ilə 7 il ərzində idarə edəcəyik. Məqsəd odur ki, dünyanın 100 ölkəsində Milli Biznes Assosiasiyasnın "Milli Biz" adlı nümayəndəliyini açaq", - deyə T. Əliyev bildirib.
"Həm regionlarda fəaliyyət göstərən sahibkarların, həm də xaricdə biznesini quran soydaşlarımızı, həmçinin Azərbaycanı sevən şirkətləri bu çətir altında birləşdirib çalışacağıq ki, Azərbaycanın regionlarına investisiyalar cəlb edək. Regionlarımızda fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini beynəlxalq bazara çıxartmaq əsas hədəflərimizdən biridir", - T. Əliyev qeyd edib.
"Azəriqaz" İstehsalat Birliyinin Baş direktorun müavini Nail Abdullayev qeyd edib ki, ölkə üzrə 97 faiz qazlaşma həcminə çatmışıq.
O vurğulayıb ki, qarşıda duran dəyişiklik işlərinə hazırlıq məqsədilə diaqnoztik işlər aparılır.
"10-dan artıq beynəlxalq ekspertlər dəvət olunub. Həmin əməkdaşların, ekspertlərin iştirakı ilə 60-dan yuxarı təşəbbüs formalaşıb. Həmin təşəbbüs hesabına 100 milyon manat civarında dəyər yaratmaq planlaşdırılır. 60 təşəbbüsdən 23-ü təsdiq olunub və onların icrası istiqamətində işlər görülməkdədir", - deyə qurumun rəsmisi əlavə edib.
Öz növbəsində, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Əliağa Əzizov bildirib ki, artıq Zabuxçay su anbarının tikintisi yekunlaşmaq üzrədir
O bildirib ki, ölkə ərazisində formalaşan su ehtiyatlarının təqribən 25%-i Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür: "İşğal dövründə bu ərazilərimizdə su təsərrüfatı sektoru ciddi ziyan görmüşdür. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 5 su anbarının yenidən bərpası həyata keçirilib. 3 su anbarının tikintisinin isə texniki-iqtisadi əsaslandırılması davam etdirilir. Yəni, hazırda Zabuxçay, Həkəriçay və Bərgüşadçay su anbarlarında texniki-iqtisadi əsaslandırma işləri aparılmaqdadır. Həmçinin artıq Zabuxçay su anbarının tikintisi işləri yekunlaşmaq üzrədir".
Onun sözlərinə görə, Azərbaycanın əsas suvarma arteliyalarından sayılan Şirvan suvarma kanalının yenidən qurulması nəzərdə tutulub.
Ə.Əzizov qeyd edib ki, bu kanalın yenidən qurulmasından sonra 78 m³/san-dən 180 m³/san-yəni çatdırılacaq:
"Kanalın ümumi uzunluğunun isə 122 km-dən 204 km-ə qədər uzadılması nəzərdə tutulur. Bu yenidənqurma layihəsindən sonra Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq".
"Həmçinin Hacıqabul gölünün vəziyyətinin yaxşılaşdırılması da planlaşdırılır", - deyə ADSEA nümayəndəsi qeyd edib.