Bakı. Trend:
Şənbə gecəsi Belçikanın Vestrozobeke şəhərində yerləşən “Horafrost” dondurulmuş tərəvəz istehsalı zavodunda güclü yanğın baş verib. Alov anbarlardan birində başlayaraq sürətlə digər tikililərə yayılıb.
Trend-in məlumatına görə, yanğının yaratdığı tüstü Fransa sərhədinədək çatıb və kilometrlərlə uzaqdan görünür.
Bələdiyyə tərəfindən verilən açıqlamada bildirilib ki, tüstü “kəskin zəhərli” olmasa da, ona uzunmüddətli məruz qalma sağlamlıq üçün təhlükə yarada bilər. Həmçinin, yanğın zamanı ətrafa asbestin yayılmadığı qeyd olunub.
Tüstünün yayılması davam etdiyi üçün ərazidəki kəndlərin sakinlərinə təxliyə göstərişi verilib. Bu tədbir təxminən 3000 nəfəri əhatə edir.
Qeyd edək ki, bu, Qərbi Flandriya bölgəsində son vaxtlar qeydə alınan ikinci böyük sənaye yanğıdır. Bir neçə həftə əvvəl “Horafrost” zavodundan cəmi bir neçə kilometr aralıda yerləşən “Recyworks” müəssisəsində də yanğın baş vermişdi.
Xatırladaq ki, iyulun 9-da Fransanın Marsel şəhərinin yaxınlığında da güclü yanğın qeydə alınıb, nəticədə 110 nəfər xəsarət alıb.