Bakı. Trend:
Türkiyə Azərbaycan və Ermənistan arasında Əbu-Dabidə keçirilən sülh danışıqlarını diqqətlə izləyir.
Trend Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı zamanı deyib.
Ərdoğan bildirib ki, Türkiyə Qafqazda sülhün təmin edilməsi üçün səyləri dəstəkləməyə davam edəcək.
Telefon danışığı zamanı, həmçinin Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji tərəfdaşlığın bütün sahələrdə müsbət təsirlərinin göründüyünü, müdafiə sənayesi və yeni texnologiyalar başda olmaqla, iki ölkə arasında bir çox sahədə böyük potensialın mövcud olduğunu bildirilib.
Qeyd edək ki, bu gün Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.
Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.