Bakı. Trend:
İran uranı zənginləşdirmək haqqı olmayan heç bir anlaşma ilə razılaşmayacaq.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşdə deyib.
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə əlaqədar müzakirələr formalaşdığı halda, müzakirələr sadəcə nüvə proqramı haqda olacaq.
Araqçi deyib ki, İran əleyhinə sanksiyaların ləğvi qarşılığında İranın nüvə proqramı haqda arxayınlığın yaradılması diqqət mərkəzində saxlanılacaq.
“Uranın zənginləşdirilməsi iranlı alimlərin böyük elmi naiyyətidir. İran bu nailiyyəti qoruyacaq”, - deyə o bildirib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.