Bakı. Trend:
İran diplomatiya və müzakirələrə zərbə vurulmayacağına əmin olduğu halda, danışıqlara hazırdır.
Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.
Onun sözlərinə görə, İran həmişə öz nüvə proqramı haqda danışıqlara hazır olduğunu elan edib və gələcəkdə də hazır olacaq. Lakin müzakirələr yenidən başlandığı halda ABŞ və yaxud başqa ölkələr tərəfindən bir daha müharibəyə sürüklənməyəcəyinə əmin olmalıdır.
Araqçi deyib ki, nüvə proqramı ilə əlaqədar müzakirələr getdiyi halda İsrail ABŞ ilə koordinasiya edərək İrana hücum etdi. Sonra isə ABŞ özü də hücumlara qoşuldu.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.
Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumları edib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhv edildiyi qeyd olunub.
Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəki hərbi bazasına hava zərbələri endirib.
24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsə razılaşdığını elan edib.
İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraq hücumların dayandırıldığını qeyd edib.