Bakı.Trend:
İyulun 2-dən Parisdə Kanakinin (Yeni Kaledoniya) gələcək statusunun müəyyənləşdirilməsi məqsədilə Fransa Hökuməti, müstəqillik tərəfdarları və əleyhdarları arasında yüksək səviyyəli Sammit öz işinə başlayıb. İyulun 12-də tərəflər Yeni Kaledoniyanın gələcəyi ilə bağlı razılaşmanın layihəsinə imza atıblar.
Mövzu ilə bağlı Trend-ə açıqlama verən siyasi şərhçi Tural İsmayılov
bildirib ki, Fransa və onun keçmiş müstəmləkələri arasındakı
münasibətlər yeni mərhələyə qədəm qoyur və bu, Parisin qlobal
nüfuzunun zəifləməsinin növbəti sübutudur.
Onun sözlərinə görə, Yeni Kaledoniya ilə bağlı razılaşma layihəsi,
əslində, Fransa imperiya düşüncəsinin tədricən çökdüyünü göstərən
bariz nümunədir:
"Rəsmi Paris uzun illər boyu dekolonizasiya prosesini ləngitmək və Kanaki xalqının iradəsini görməməzliyə vurmaq siyasəti yürüdürdü. Lakin bu dəfə vəziyyət fərqlidir – daxili təzyiqlər, beynəlxalq ictimai rəy və xüsusilə Bakı Təşəbbüs Qrupunun fəallığı Parisin bu məsələdə güzəştə getməsinə səbəb oldu. Azərbaycan tərəfindən qlobal dekolonizasiya çağırışlarının gücləndirilməsi və Kanaki məsələsinin beynəlmiləlləşdirilməsi prosesi ciddi nəticələr doğurdu. Makronun şəxsən danışıqlarda iştirak etməsi Fransa üçün siyasi cəhətdən geriləmədir, çünki bu, artıq məsələni "Paris administrasiyası" yox, "Fransa dövləti" səviyyəsində qəbul etdiklərini göstərir".
T.İsmayılov qeyd edib ki, Yeni Kaledoniya üçün müəyyənləşdirilmiş “unikal status” Parisin indiyədək tabulaşdırdığı Konstitusiyanın dəyişdirilməsi ideyasını rəsmi şəkildə qəbul etməsi deməkdir:
"Bu da Korsika kimi digər ərazilər üçün yeni presedent yaradır və Fransanın vahid dövlət konsepsiyasını şübhə altına salır. Layihənin “dövlət içində dövlət” modeli yaratması, əslində, Fransa üçün mərkəzsizləşmə və süverenlik paylaşımına məcburi addımdır. Azərbaycan üçün isə bu, diplomatik uğur və ideoloji zəfərdir – çünki Kanaki xalqının mübarizəsi Bakının irəli sürdüyü siyasi tezislərlə üst-üstə düşür. Kaledoniya xalqının gələcəkdəki referendum hüququnu qoruyub saxlaması isə bu razılaşmanı formal deyil, real siyasi keçidə çevrilə biləcək mexanizmə çevirir".
Müsahibimiz vurğulayıb ki, Fransa təhlükəsizlik və müdafiə sahəsində öz nüfuzunu saxlamağa çalışsa da, razılaşmanın mətnində bu səlahiyyətlərin mərhələli şəkildə paylaşılması ehtimalı artıq qəbul edilib:
"Bu da göstərir ki, Fransa öz təsirini qorumaq üçün müstəmləkələrdə daha çox kosmetik simvolizmə ümid bəsləyir. İkili vətəndaşlıq məsələsi və regional seçki sistemindəki dəyişikliklər isə Kanaki xalqının daxili müqavimətini daha da gücləndirə bilər. Beynəlxalq Dekolonizasiya Cəbhəsinin ehtiyatlı reaksiyası da göstərir ki, bu layihə yalnız başlanğıcdır – yolun sonu isə açıq şəkildə müstəqilliyə aparır. Azərbaycan bu prosesdə prinsipial mövqe sərgiləməklə, öz postkolonial vizyonunu praktik səviyyədə sübut etdi. Kaledoniya xalqı isə əslində ilk dəfə olaraq real seçimin kənar diktə yox, daxili siyasi iradə ilə formalaşa biləcəyini gördü. Fransa isə bu gün sadəcə post-imperiya qorxuları ilə üzləşən zəifləmiş metropoldur".
Siyasi şərhçi Turan Rzayev isə Trend-ə bildirib ki, İyulun 2-dən etibarən Parisdə baş tutan və iyulun 12-də ilkin razılaşma layihəsi ilə nəticələnən Yeni Kaledoniya üzrə danışıqlar, təkcə Fransa üçün deyil, eyni zamanda qlobal postkolonial sistemin gələcəyi üçün ciddi nəticələr doğura biləcək bir mərhələdən xəbər verir:
"Bu ilk baxışdan status-kvonu qoruyan texniki razılaşma kimi görünsə də, əslində Parisin öz konstitusional qapanıqlığını açmaq məcburiyyətində qaldığı bir dönüş nöqtəsidir.Fransa tərəfi “unikal status” donu geyindirməyə çalışsa da, bu təşəbbüs Kanak xalqı üçün nə müstəqillik, nə də tam hüquqlu bir dövlət modelidir. Bu daha çox müstəmləkə idarəsinin modernləşdirilmiş versiyası, hüquqi baxımdan isə "mərkəzdən nəzarətin yenidən kodlaşdırılması" kimi dəyərləndirilə bilər.
Razılaşma layihəsinin mahiyyəti, Parisin Kanakinin tam müstəqillik arzusuna cavab verməkdən imtina etdiyini, əvəzində isə "Yeni Kaledoniya Dövləti" adlı yeni bir struktur yaradaraq bu istəyi simvolik bir səviyyəyə endirdiyini göstərir. Fransa Konstitusiyası çərçivəsində tanınacaq bu qurum, əslində beynəlxalq hüquqda suverenlik ölçüləri ilə heç bir halda tam hüquqlu dövlət deyil. Layihədə BMT-də yer alma hüququnun olmaması da bunu açıq şəkildə sübut edir. Kanaki xalqı üçün bu razılaşma əgər xalq tərəfindən qəbul olunarsa belə, onların öz müqəddaratını təyin etmə hüququnun reallaşması deyil, onun ertələnməsi və sistemləşdirilmiş şəkildə “dövlət içində muxtariyyət” modeli ilə əvəzlənməsidir.
Ən kritik və mübahisəli məqamlardan biri isə seçki hüququ ilə bağlı dəyişikliklərdir. Yeni layihəyə görə, 15 il Kanakidə daimi yaşamış hər bir şəxs regional seçkilərdə iştirak edə biləcək. Bu isə minlərlə yeni seçicinin səsvermə hüququ qazanması və Konqresin tərkibində demoqrafik-siyasi balansın ciddi şəkildə dəyişməsi deməkdir. Məhz bu dəyişiklik 2024-cü ilin iğtişaşlarının əsas səbəblərindən biri olmuşdu və indi də eyni risk öz aktuallığını qoruyur. Fransa bu dəyişikliklə müstəqillik tərəfdarlarının siyasi üstünlüyünü zəiflətməyə çalışır. Bu, demokratik prosedurun arxasında gizlənmiş geosiyasi manevrdir".
T.Rzayev bildirib ki, diplomatik aspektdən yanaşdıqda, Fransa Yeni Kaledoniyaya qismən diplomatik fəaliyyət səlahiyyəti versə də, bu səlahiyyətin çərçivəsi açıq şəkildə məhdudlaşdırılıb:
"Fransa dövləti öz diplomatik əlaqələrində Yeni Kaledoniyanın
maraqlarını nəzərə alacağını öhdəlik kimi götürür, lakin suveren
xarici siyasət qurmaq hüququ yenə də Parisin əlində saxlanılır. Bu,
klassik postkolonial modeli xatırladır.
Fransanın təhlükəsizlik və müdafiə sahələrində nəzarəti əlində
saxlaması da layihənin əsas nöqtəsidir. Kaledoniyalılar nominal
olaraq bu sahələrə cəlb olunsa da, real güc münasibətləri dəyişmir.
Silahlı Qüvvələrin və ictimai asayişin nəzarətinin Parisdə
saxlanılması, bu “dövlət”in strukturdan daha çox simvolik rəmz
olmasını təsdiqləyir.
Layihədə nəzərdə tutulan ikili vətəndaşlıq mexanizmi də diqqətəlayiqdir. 2026-cı ildən etibarən Kanakililər həm Fransa, həm də Yeni Kaledoniya vətəndaşı sayılacaqlar. Avropa vətəndaşlığı isə qorunub saxlanılacaq. Bu da postkolonial Fransanın “imperial məkan”ı parçalamadan idarəetmə instinkti ilə səsləşir. Digər tərəfdən, layihə çərçivəsində nəzərdə tutulan sosial-iqtisadi proqramlar səhiyyə, təhsil, nəqliyyat və gənclər siyasəti Fransa dövlətinin Yeni Kaledoniya üzərində nəzarətini saxlamaq üçün yumşaq güc strategiyasına əsaslanır. Sosial müdaxilələr bir tərəfdən rifahı artırsa da, digər tərəfdən siyasi asılılığın dərinləşdirilməsinə xidmət edir."
"Maraqlı bir məqam isə Fransa Prezidenti Emmanuel Makronun bu danışıqlarda ilk dəfə şəxsən iştirak etməsidir. Hesab edirəm Azərbaycanın təşəbbüsü ilə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti və ümumilikdə beynəlxalq dekolonizasiya dalğası Parisin bu məsələdə belə bir addım atmasına səbəb oldu.
Nəticə etibarilə, Yeni Kaledoniya razılaşması nə Parisin tam qələbəsi, nə də Kanaki xalqının istədiyi azadlıq modelidir. Bu sənəd daha çox gərgin kompromis, simvolik tanınma və hüquqi təxirəsalmanın birləşməsidir. Əgər bu layihə qəbul edilərsə, Fransa öz imperiya irsini XXI əsrin hüquqi-institusional dillə kodlaşdıraraq bir daha beynəlxalq sistemdə “post-imperial avtoritet” kimi çıxış etməyə çalışacaq. Əgər rədd edilərsə, bu, təkcə Yeni Kaledoniya üçün yox, bütövlükdə Fransa Respublikasının tərkibindəki digər ərazilər üçün də domino effekti yarada bilər" - T.Rzayev deyib.