Bakı. Trend:
Çin “Tiencou-9” (Tianzhou-9) adlı yük gəmisini yaxın günlərdə “Tienqon” kosmik stansiyasına göndərməyə hazırlaşır.
Trend-in məlumatına görə, Çin Kosmos Agentliyi gəmiyə 6,5 ton yük yükləndiyini və buraxılışın Haynan adasındakı Vençan kosmodromunda həyata keçiriləcəyini açıqlayıb.
Yük gəmisini kosmosa “Uzun yürüş-7” (Long March-7) daşıyıcı raketi aparacaq. 53,1 metr hündürlüyü və 3,35 metr diametri olan bu ortaölçülü raket 14 ton yükü aşağı Yer orbitinə çıxarmaq imkanına malikdir.
“Tiencou-9” hazırda stansiyada olan “Şencou-20” missiyasının üç astronavtı – Çen Don, Çen Conruy və Van Cie üçün, eləcə də oktyabrda gələcək “Şencou-21” heyəti üçün həyati dəstək materialları, iki “Feytien” skafandr dəsti, tibb avadanlıqları və elmi-tədqiqat yükləri çatdıracaq.
“Tienqon” stansiyası ümumi çəkisi 70 ton olan üç əsas moduldan – “Tianhe” (idarəetmə və yaşayış modulu), “Wentian” və “Mengtian” (laboratoriya modulları) ibarətdir və 15 ildən artıq fəaliyyət göstərəcək. Stansiya 340–450 km yüksəklikdə Yer ətrafında orbitdə yerləşir.