...

Cənubi Qafqazdan Yaxın Şərqə diplomatik körpü: Əhməd Əl Şaraa-nın Bakı səfəri

Siyasət Materials 12 İyul 2025 14:41 (UTC +04:00)
Cənubi Qafqazdan Yaxın Şərqə diplomatik körpü: Əhməd Əl Şaraa-nın Bakı səfəri
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Suriyanın Keçid Dövrü Prezidenti Əhməd Əl Şaraa-nın Azərbaycana etdiyi işgüzar səfər, yalnız iki ölkə arasında ikitərəfli münasibətlərin canlandırılması baxımından deyil, həm də Yaxın Şərqdə dəyişən geosiyasi dinamika kontekstində strateji əhəmiyyət daşıyır. Bu səfər, Azərbaycanın artan beynəlxalq rolunu, postmüharibə dövründə formalaşdırdığı yeni xarici siyasət fəlsəfəsini və Cənubi Qafqazdan Yaxın Şərqə doğru genişlənən diplomatik manevr imkanlarını əks etdirir.

Suriyada baş verən siyasi dəyişikliklər keçid dövrünün başlaması və Əhməd Əl Şaraa-nın rəhbərliyi ilə yeni hökumətin qurulması, bu ölkənin beynəlxalq izolyasiyadan çıxmasına və regional sistemə inteqrasiya olunmasına şərait yaratmışdır. Azərbaycan bu keçid mərhələsində Suriya ilə münasibətləri yenidən qurmaq istəyən ilk ölkələrdən biri kimi çıxış edir.

Bundan əvvəl Prezident İlham Əliyev və Əhməd Əl Şaraa Antalyada keçirilən forum zamanı görüşmüş, ikitərəfli və regional məsələləri müzakirə etmişdilər. Bu dialoq sonrakı diplomatik əlaqələrin əsasını qoyub.

Azərbaycanın Yaxın Şərq regionuna yönəlik siyasəti, post-2020 dövründə yeni mərhələyə qədəm qoyub.Qarabağ zəfərindən sonra suverenliyini tam bərpa edən Azərbaycan, daha geniş və aktiv xarici siyasətə keçid edib. Bu mərhələdə Avropa və Mərkəzi Asiya ilə yanaşı, Yaxın Şərq də prioritet regionlardan biri kimi müəyyən edilmişdir. Suriyanın ərazi bütövlüyünə və suverenliyinə verilən dəstək, bu siyasətin vacib elementi kimi önə çıxır. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan yanaşması, xüsusilə münaqişə sonrası regionlarda dövlətlərin yenidənqurulmasına yönəlik prinsipial mövqeyi, ölkəyə diplomatik etimad qazandırır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi sürətli və innovativ bərpa-quruculuq prosesi (ağıllı kəndlər, yaşıl enerji, infrastrukturların bərpası və minalardan təmizləmə), beynəlxalq səviyyədə diqqət çəkmişdir. Bu təcrübə, müharibədən zərər çəkmiş Suriyanın yenidənqurma ehtiyacları ilə üst-üstə düşür.

Prezident İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti Suriyaya səfər edərək bu ölkəyə hansı sahələrdə dəstək verilə biləcəyini yerində öyrənmişdir. Bu yanaşma həm də "inkişaf diplomatiyası"nın təzahürüdür – siyasi niyyət konkret iqtisadi və texniki əməkdaşlıqla tamamlanır.

Azərbaycan qazının dünya bazarlarında artan əhəmiyyəti fonunda, ölkə enerji ixracatında yeni bazarların axtarışı ilə məşğuldur. İndiyədək əsas fokus Avropa bazarı olub. Lakin rəqabətin artması və tələbin diversifikasiyası səbəbindən Azərbaycan qazının Yaxın Şərq ölkələrinə, xüsusilə Türkiyə, İraq və Suriya kimi ölkələrə ixracı strateji məqsədə çevririb. Suriya Prezidentinin Bakı səfəri zamanı Azərbaycan qazının Suriya bazarına çıxarılması yolları araşdırılması nəzərdə tutulur. Bu, Suriyanın enerji ehtiyaclarının ödənməsi ilə yanaşı, Azərbaycanın regional enerji təhlükəsizliyində mövqeyini gücləndirə bilər.

Azərbaycanın diplomatik fəallığı təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmır. Bakı uzun illərdir ki, “sakit diplomatiya” prinsipinə əsaslanaraq gərgin regionlarda münaqişələrin həllinə töhfə verir. Azərbaycan, Suriya ilə İsrail arasında dolayısı əlaqələrin qurulmasında, habelə Türkiyə-İsrail-Suriya üçbucağında gərginliyin azaldılmasına yönəlik görüşlərin təşkilində aktiv rol oynayıb. Azərbaycanın təşəbbüsü ilə “qaynar xətt diplomatiyası”nın qurulması, xüsusilə regionda qarşıdurma potensialını azaltmaq və dialoq mühitini təşviq etmək baxımından önəmli addım kimi dəyərləndirilir.

Azərbaycanın artan regional nüfuzu Prezident İlham Əliyevin beynəlxalq miqyasda formalaşmış şəxsi nüfuzu ilə sıx bağlıdır. Onun balanslı və prinsipial siyasəti ölkəyə yeni tərəfdaşlar qazandırır. Suriyanın keçid dövrü rəhbərliyi ilə qurulan əlaqələr bu siyasətin nəticəsi olaraq dəyərləndirilə bilər.

Bu səfər eyni zamanda Azərbaycanın diplomatik arxitekturasında yeni bir mərhələnin başlanğıcıdır – ölkə həm geosiyasi, həm də geoiqtisadi güc mərkəzlərinə bərabər məsafədə duraraq, qlobal diplomatik platformada öz təsir dairəsini genişləndirir. Əhməd Əl Şaraa-nın Bakıya səfəri ilə Azərbaycan-Suriya münasibətləri sadəcə bərpa olunmur, həm də strateji və çoxşaxəli tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Bu tərəfdaşlıq müharibədən sonrakı bərpa sahəsində təcrübə mübadiləsini, enerji əməkdaşlığı və infrastruktur layihələrini, diplomatik vasitəçilik təşəbbüslərini, regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsini əhatə edir.

Bu səfər həm də Azərbaycanın çoxvektorlu və rasional xarici siyasətinin bariz nümunəsi kimi tarixə düşəcək. Azərbaycanın yüksələn diplomatik imici və müstəqil siyasət kursu onu təkcə regional deyil, qlobal siyasətdə də etibarlı və praqmatik oyunçuya çevirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti