Bakı. Trend:
Arizona ştatının Kokonino qraflığında pnevmonik vəbadan bir nəfərin öldüyü bildirilib.
Trend-in məlumatına görə, bu barədə Associated Press məlumat yayıb.
Zərərçəkən barədə əlavə məlumat açıqlanmayıb. Bu, Kokonino qraflığında 2007-ci ildən bəri pnevmonik vəbadan qeydə alınan ilk ölüm halıdır.
Məlumata görə, ABŞ-da hər il, əsasən qərb ştatlarında orta hesabla yeddi belə yoluxma hadisəsi qeydə alınır. Pnevmonik vəba vəbanın ən ağır və yoluxucu forması sayılır. Təcili tibbi müdaxilə olunmadıqda ölüm riski yüksək olur.