Bakı. Trend:
Almaniyanın xarici ticarət dövriyyəsində may ayında azalma qeydə alınıb. Ay ərzində Almaniyanın ixracı aprellə müqayisədə 1,4 faiz azalaraq 129,4 milyard avroya düşüb.
Trend xəbər verir ki, bu barədə Federal Statistika İdarəsinin (Destatis) məlumatında qeyd olunub.
Almaniyanın ABŞ-a ixracı mayda gözlənilmədən ciddi şəkildə azalıb. ABŞ alman məhsullarının ən böyük alıcısı olaraq qalsa da, ixracat cəmi 12,1 milyard avro təşkil edib. Bu, aprel ayına nisbətən 7,7 faiz az olmaqla yanaşı, 2022-ci ilin martından bəri ən aşağı göstəricidir.
Almaniyanın Çinə ixracatı may ayında 2,8 faiz azalaraq 6,8 milyard avroya düşüb. Buna səbəb Çinin əvvəllər Almaniyadan aldığı malların artıq ölkə daxilində istehsal olunmasıdır.
Almaniyanın Böyük Britaniya ilə ticarət həcmi isə əvvəlki iki ölkənin əksinə artıb. İxracatda artım 15,1 faiz təşkil edərək 7,2 milyard avroya çatıb. Avropa İttifaqı ölkələrinə ixracın həcmi isə 2,2 faiz azalaraq 71,3 milyard avroya düşüb.
İdxalatda azalma daha kəskin olub. May ayında bu göstərici 3,8 faiz azalaraq 111,1 milyard avro təşkil edib.