...

AEBA-nın İranla əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunacaq – Araqçi

Dünya xəbərləri Materials 12 İyul 2025 16:11 (UTC +04:00)
AEBA-nın İranla əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunacaq – Araqçi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Bundan sonra Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranla əməkdaşlığı Ali Milli Təhlükəsizlik Şurası tərəfindən idarə olunacaq.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (12 iyul) Tehranda xarici diplomatlarla görüşündə deyib.

Onun sözlərinə görə, bununla əlaqədar İran parlamenti qanun qəbul edib. Qanuna əsasən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranda öz nəzarətini davam etdirməsi üçün müraciətləri Ali Milli Təhlükəsizlik Şurası tərəfindən araşdırılacaq və təhlükəsizlik məsələləri nəzərə alınmaqla bu haqda qərar veriləcək.

Araqçi deyib ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə əməkdaşlığı dayandırılmayıb. Əslində bu əməkdaşlıq yeni formatda olacaq və bu tamamilə təbii məsələdir.

“İranın nüvə proqramı dinc məqsədli olub və dinc məqsədli olaraq qalacaq. İran Nüvə Silahlarının Yayılmamasına dair Sazişin (NPT) üzvüdür və üzvü olaraq qalacaq. İran AEBA ilə qorunma sazişinə sadiq qalacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2023-cü ilin mart ayında İran və MAQATE arasında razılaşma əldə olunub və razılaşma üzrə bəyanat verilib. Razılaşmaya əsasən İranın MAQATE ilə əməkdaşlığı nüvə silahlarının yayılmamasına dair konvensiya (NPT) və qorunma (safeguards) çərçivəsindədir, eləcə də tərəflər İranın nüvə proqramı ilə əlaqədar zənginləşdirilmiş uran maddələrinin mövcud olmasına dair irəli sürülən iddialar haqda bir-birləri ilə əməkdaşlıq etməlidirlər.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA ilə əməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dair qərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalar keçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvə mərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyi halda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə verilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti