Bakı. Trend:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Vüqar Mustafayev, ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov və müdafiə naziri general-leytenant Şuhrat Xalmuxamedov dekabrın 12-də komando hərbi hissələrindən birini ziyarət ediblər.
Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki büstü önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsinə ehtiram nümayiş etdirilib.
General-polkovnik Z.Həsənov Özbəkistanın hərbi nümayəndə heyəti
ilə birgə tir, əsgər yataqxanası, silah otağı, əşya anbarı,
həmçinin yeməkxanaya gələrək burada şəxsi heyət üçün yaradılan
şəraitlə tanış olub.
Hərbi hissənin idman zalında Müdafiə Sənayesi Nazirliyinin təqdim
etdiyi simulyasiya vasitəsinə baxışdan sonra qonaqlar hərbi
qulluqçuların idman hazırlığını izləyiblər.
Nümayəndələrə komandoların dağ komando qülləsində və kəşfiyyat
cığırında fəaliyyətləri nümayiş etdirilib.
Qonaqlara Müdafiə Sənayesi Nazirliyinin, həmçinin hərbi sənaye
şirkətlərinin istehsal etdiyi pilotsuz uçuş aparatları (PUA),
silah, avtomobil və xüsusi texnika, eləcə də digər döyüş vasitələri
təqdim olunub.
Daha sonra Özbəkistan nümayəndə heyətinə Azərbaycan Ordusunun
istifadəsində olan silah-sursat, təchizat və döyüş texnikası təqdim
edilib, onların taktiki-texniki xüsusiyyətləri barədə ətraflı
məlumat verilib.
Ziyarət qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə
mübadiləsinin genişləndirilməsi və iki ölkənin müdafiə qurumları
arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət
daşıyıb.
