Bakı. Trend:
Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən “Sardes” antik şəhəri və “Min Təpələr Lidya” abidələri UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınıb.
Trend xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy məlumat verib.
Nazir bildirib ki, dünyanın ilk metal pulunun dövriyyəyə buraxıldığı bu bölgə Lidya sivilizasiyasının paytaxtı kimi artıq bütün bəşəriyyətin ortaq irsi kimi tanınıb. O, Lidya mədəniyyətini təmsil edən bu ərazinin dünya səhnəsində layiqli yerini tutduğunu vurğulayıb.
“Türkiyənin mədəni sərvətləri 'Türkiyə əsri' çərçivəsində bir-bir üzə çıxır. Hər kəsi gecə muzeyçiliyi çərçivəsində ziyarətçiləri qəbul edən 'Sardes' antik şəhərinin sehrli atmosferini kəşf etməyə dəvət edirəm”, – deyə Ersoy qeyd edib.
Nazirliyin açıqlamasına görə, “Sardes” və ətrafındakı arxeoloji sahə 2013-cü ildən UNESCO-nun İlkin Siyahısında yer alırdı və Parisdə keçirilən 47-ci sessiyada yekdilliklə daimi siyahıya daxil olunub.
Ərazi UNESCO-nun 3-cü meyarı üzrə — unikal mədəniyyət nümunəsi olaraq — siyahıya salınıb. Lidya sivilizasiyasına aid güclü arxeoloji və memarlıq sübutları, o cümlədən aparılan multidisiplinar qoruma və elmi-tədqiqat işləri ərazinin beynəlxalq əhəmiyyətini daha da artırır.
Bu qərarla birlikdə Türkiyə UNESCO Dünya İrs Siyahısındakı mövqeyini gücləndirərək Anadolunun zəngin tarixi irsini beynəlxalq səviyyədə tanıtmağa davam edir.