Bakı. Trend:
ABŞ-nin nəhəng investisiya şirkəti "BlackRock" Prezident Donald Trampın Ukrayna ilə bağlı dəyişkən və qeyri-müəyyən mövqeyi səbəbilə bu ölkənin bərpasına yönəlik fond layihəsində iştirakdan imtina edib.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın "The Telegraph" qəzeti adları açıqlanmayan mənbələrə istinadla məlumat yayıb.
Qeyd olunur ki, "BlackRock" əvvəllər Ukraynanın yenidən qurulması üçün investorların cəlb edilməsində mühüm rol oynayırdı. Lakin Trampın prezidentliyə mümkün qayıdışı və Ukrayna məsələsində mövqeyinin passivlikdən açıq düşmənçiliyə qədər dəyişməsi şirkətin geri çəkilməsinə səbəb olub.
Məlumata görə, bu qərardan sonra Fransa yeni bir təşəbbüslə çıxış edərək Ukraynanın bərpası məqsədilə alternativ fondun yaradılması üzərində işləməyə başlayıb.
"BlackRock"un addımı, Trampın mümkün prezidentliyi dövründə ABŞ-nin Ukraynaya dəstəyinin davamlılığı ilə bağlı yaranan qeyri-müəyyənliyin beynəlxalq investorlar arasında narahatlıq yaratdığını göstərir.