Bakı.Trend:
Şahdağ Turizm Mərkəzində Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci sammiti keçirilir.
Trend xəbər verir ki, sammitdə Türk Dövlətləri Təşkilatının və Dövlət Turizm Agentliyinin rəsmiləri, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkiyə və Qırğızıstan Respublikalarının dağ kurortlarının rəhbərləri və nümayəndələri iştirak edirlər.
Sammit çərçivəsində İttifaq ölkələrində dağ və qış turizminin inkişafına dair müxtəlif mövzulara həsr olunan panel müzakirələr və təqdimatlar təşkil olunacaq.
Paneldə çıxış edən Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının birinci sammitində Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Mirvohid Əzimov deyib ki, Türk Dövlətlərinin Xizək Kurortları İttifaqının yaradılması türk məkanında qış turizminin davamlı ekosisteminin formalaşması istiqamətində mühüm addımdır.
"Birliyin əsas missiyası türk dünyasında xizək turizmini təbliğ etmək və kurortlarımız arasında səmərəli əməkdaşlıq üçün platforma yaratmaqdır. Birliyin yaradılması türk məkanında dayanıqlı qış turizmi ekosisteminin formalaşması istiqamətində mühüm addımdır. Bu, bizə təcrübə mübadiləsi aparmağa, ümumi çətinlikləri aradan qaldırmağa və birgə təşəbbüslər üzərində səmərəli işləməyə kömək edəcək", - o deyib.
Əzimov qeyd edib ki, Birliyin ilk konkret nailiyyətlərindən biri cari ilin fevral ayında Əmirsoy kurortunda dağ xizək idmanı üzrə birinci Türk Dünya Kubokunun uğurla keçirilməsinin həm regional idman diplomatiyasında, həm də turizmin təşviqində mühüm mərhələyə çevrilməsi olub.
Daha sonra çıxışı zamanı Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının sədri Rüstəm Nəcəfov bildirib ki, növbəti xizək yarışı Uludağda keçiriləcək.
O, çıxışı zamanı qeyd edib ki, ötən il yaradılmış İttifaq artıq iştirakçı ölkələrin kurortları arasında əməkdaşlığın hiss olunan nəticələrini nümayiş etdirir. O cümlədən Özbəkistanda, Əmirsoy kurortunda ilk xizək yarışı uğurla keçirilib.
Onun sözlərinə görə, bu gün keçirilən iclasda qərara alınıb ki, qarşıdan gələn mövsümdə növbəti illik yarış Türkiyənin Uludağ kurortunda keçirilsin. "İnanırıq ki, bu, böyük bir yarışma olacaq və Uludağ xüsusi bir səhnə olacaq, çünki bir çoxumuz ilk dəfədir ki, ziyarət edəcəyik", - Nəcəfov vurğulayıb.
Öz növbəsində Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə isə vurğulayıb ki, Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının birinci sammiti qardaş türk ölkələri arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ oldu.
O, çıxışı zamanı qeyd edib ki, bugünkü görüş türk dövlətləri arasında xüsusilə turizm sektorunda dostluğun, həmrəyliyin və əməkdaşlığın daha da dərinləşməsini əks etdirir. Xizək Kurortları İttifaqının yaradılması qarşılıqlı turist axınının artırılması və regionun kurortlarında qış tətilinin təşviqi üçün mühüm addım olmuşdur.
"Ortaq tariximiz, dilimiz, etnik və mədəni köklərimiz əlaqələrimiz üçün möhkəm təməl kimi xidmət edir. Əminik ki, İttifaq təkcə iqtisadi və turizm nailiyyətlərinə deyil, həm də xalqlarımızı birləşdirən mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verəcək", - Kənan Quluzadə vurğulayıb.
Xəbər yenilənəcək