Bakı. Trend:
İtaliya hökuməti ABŞ ilə ədalətli və bərabərhüquqlu tarif razılaşmasının əldə olunacağına ümid edir və Atlantik okeanının hər iki sahilindəki tərəfləri ticarət münaqişəsindən yayınmağa çağırır.
Trend xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloninin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd olunur.
“Qərbin birliyini gücləndirəcək və qarşılıqlı hörmətə əsaslanan razılaşmanın əldə olunması üçün bütün tərəflərin xoşməramlılığına ümid edirik. Xüsusilə indiki geosiyasi şəraitdə Atlantikanın iki sahili arasında ticarət qarşıdurmasının yaranmasının heç bir mənası yoxdur”, – bəyanatda bildirilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Avropa Komissiyasının rəhbərinə ünvanladığı məktubu “Truth Social” platformasında dərc etdirib. Məktubda 1 avqustdan etibarən ABŞ-nin Avropa İttifaqından idxal olunan mallara 30 faizlik gömrük rüsumu tətbiq edəcəyi bildirilib. Həmçinin vurğulanıb ki, bu yeni tariflər sektor rüsumlarından ayrıca olacaq və hazırda qüvvədə olan 10%-lik tarifə əlavə olunacaq.